Vərəsəlik şəhadətnaməsi, verilmə qaydası və vəsiyyətnamələrin təsdiqi
Vərəsəlik şəhadətnaməsi, verilmə qaydası və vəsiyyətnamələrin təsdiqi olduqca aktual bir məsələdir. Bu yazımız oxucuları əmlakın vəsiyyət edilməsi və miras əmlakla bağlı zəruri məlumatlarla təmin edəcəkdir. Sizi də vəsiyyətnamələrin notarial təsdiqi, miras əmlakla bağlı sualların cavabı maraqlandırır? Elə isə, mövzunu detallı şəkildə nəzərdən keçirək.
Vərəsəlik nədir və onun hansı növləri var
Vərəsəlik şəxsin vəfatı halında onun mülkiyyətində olan əmlakın müəyyən şəxslərə keçməsi qaydasını ifadə edir. Qanunvericilikdə vərəsəliyin iki növü vardır: qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik. Vəfat etmiş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (yəni vərəsələrə) aşağıdakı əsaslardan biri ilə keçə bilər:
- qanun üzrə;
- vəsiyyət üzrə;
- həm qanun, həm də vəsiyyət üzrə.

Notasmart.az
Şəxsin qanun üzrə və ya vəsiyyət üzrə vərəsə olmasından asılı olmayaraq istənilən halda, mirasın qəbul edilməsi ilə bağlı notariuslar tərəfindən vərəsəlik şəhadətnaməsi verilir. Həmin şəhadətnamə əsasında varis miras əmlakın öz mülkiyyətinə keçirilməsi üçün müraciət edir. Yəni miras qoyulan əmlak daşınmaz əşyadırsa, verilən vərəsəlik şəhadətnaməsi əsasında “çıxarış” (“kupça”), miras qoyulan əmlak nəqliyyat vasitəsidirsə, dövlət qeydiyyat şəhadətnaməsi əldə edir.
Vərəsəlik şəhadətnaməsi nə zaman verilir?
Bu suala aydınlıq gətirmək üçün, ilk növbədə, qanunvericilkdə istifadə olunan “mirasın açıldığı vaxt” anlayışına aydınlıq gətirməliyik. Belə ki, “mirasın açıldığı vaxt” miras qoyan şəxsin vəfat etdiyi və yaxud məhkəmə tərəfindən ölmüş elan olunduğu vaxt hesab olunur. Başqa sözlə, “mirasın açıldığı vaxt” aşağıdakıları nəzərdə tutur:
- şəxs vəfat edibsə, onun vəfat etdiyi tarix;
- şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa və maraqlı şəxslər bununla bağlı məhkəməyə müraciət edərsə, məhkəmə qaydasında çıxarılan ölmüş elan olunma barədə qərarın qanuni qüvvəyə mindiyi tarix;
- şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa və maraqlı şəxslər bununla bağlı məhkəməyə müraciət edərsə, məhkəmə qaydasında çıxarılan ölmüş elan olunma barədə qərarın qanuni qüvvəyə mindiyi tarix;
- hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan oluna bilər. Bu zaman məhkəmənin çıxardığı qərarın qanuni qüvvəyə mindiyi gün şəxsin vəfat etdiyi gün hesab olunur.
Beləliklə, şəxs vəfat etdiyi halda vərəsələr şəhadətnaməni əldə etmək üçün vəfat edən şəxsin sonuncu qeydiyyat yeri üzrə müvafiq notariat ofislərinədən birinə müraciət etməlidirlər. Əvvəlki qaydaya görə, mirasın qəbulu üçün notariat ofisinə yaxınlaşmaqla bağlı konkret müddət – 6 ay nəzərdə tutulmuşdu. Lakin 26.12.2023-cü il tarixindən etibarən fərqli qayda tətbiq edilməyə başlandı. Həmin tarixdən sonra hər hansı bir gündə miras qoyanın ölümü nəticəsində yaranan vərəsəlik münasibətləri ilə bağlı artıq müddət tələbi yoxdur. (Bu barədə Konstitusiya Məhkəməsinin həmin tarixli Plenum Qərarı var). Yəni miras qoyan şəxs 26.12.2023-cü il tarixində və ya ondan sonrakı hər hansı bir gündə vəfat edibsə, şəxsin vəfat tarixindən sonra istənilən zaman şəhadətnamələr üçün müraciət oluna bilər. Bu qayda 26 dekabr 2023-cü ildən əvvəl yaranmış, hal-hazırda məhkəmədə baxılan vərəsəlik münasibətlərinə də şamil olunur.
Vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı tələb olunan sənədlər hansılardır?
Qanun üzrə vərəsəlik şəhadətnaməsi alınarkən aşağıdakı sənədlər tələb olunur:
1) miras qoyanın ölüm haqqında şəhadətnaməsi;
2) miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar sahələrinin verdiyi arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu barədə sənəd;
3) vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlər (məsələn, nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və s.) və ya qohumluq münasibətləri məhkəmə qaydasında təsdiqini tapmışdırsa, bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;
4) vərəsələrin mirası qəbul etməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri ( Şəxs mirası qəbul etməsi və ya ondan imtina etməsi barədə ərizə yazmalı və bu ərizə notarial qaydada təsdiq edilməlidir);
5) miras qoyulan əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (Miras əmlak daşınmazdırsa, onun çıxarışı – “kupça”, nəqliyyat vasitəsidirsə, dövlət qeydiyyat şəhadətnaməsi);
6) miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış (Sadə dillə desək, bu, “Forma-1” arayışıdır. Həmin arayışın alınması üçün Asan Xidmət mərkəzinə müraciət edə bilərsiniz, bu halda ödəniləcək dövlət rüsumunun məbləği 10 manat, xidmət haqqının məbləği isə 20 manat nəzərdə tutulmuşdur).
Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunun məbləği nə qədərdir?
Qanun üzrə vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu 25 manat məbləğindədir.
Vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı tələb olunan sənədlər hansılardır?
Vəsiyyət üzrə vərəsəliklə bağlı şəhadətnamənin verilməsi üçün müraciət etmisinizsə, qanun üzrə vərəsəliklə bağlı şəhadətnamənin verilməsi üçün tələb edilən sənədləri və vəsiyyətnamənin əslini notariusa təqdim etməlisiniz. Qeyd edək ki, əgər həmin vəsiyyətnamə başqa notariat kontorunda təsdiq edilmişdirsə və ya Dövlət notariat arxivinə təhvil verilmişdirsə, onun dəyişdirilmədiyi və ya ləğv edilmədiyi barədə vəsiyyətnamənin üzərində həmin orqanlar tərəfindən qoyulmuş qeyd olmalıdır.
Vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi üçün dövlət rüsumunun məbləği nə qədərdir?
Bu zaman 2 halı nəzərə almaq lazımdır:
- Vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət edirsinizsə, lakin mərhum şəxslə qanun üzrə vərəsəlikdə müəyyən edilmiş 5 növbədən hər hansı birinə aid qohumluq münasibətiniz olmuşdursa (vəfat edənin övladı, arvadı, bacısı, xalası və s. hesab olunursunuzsa), 25 manat dövlət rüsumu ödəməlisiniz.
- Qalan şəxslərə isə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilərkən 50 manat dövlət rüsumu tutulur.