Surət təsdiqi, sənədlərin surətinin və ya onlardan çıxarışların həqiqiliyinin təsdiqi
Surət təsdiqi, sənədlərin surətinin və ya onlardan çıxarışların təsdiqi. Bəzi hallarda sənədlərin surətinin və ya sənədin bir hissəsindən çıxarışın düzgünlüyünün notarial qaydada təsdiq olunması tələb olunur. Misal üçün, əgər siz etibarnaməni yaxın qohumunuza verirsinizsə, həmin etibarnamənin verilməsi üçün onunla qohumluq faktınızı təsdiq edən sənədin surəti tələb olunan sənədlər siyahısındadır, ancaq həmin surət notarial qaydada təsdiq olunmalıdır. Bu dəfəki məqalədə sənədlərin surətinin və ya onlardan çıxarışların həqiqiliyinin təsdiq olunma prosesini sadə və anlaşıqlı formada izah etməyə çalışacağıq.

Notasmart.az
Surət təsdiqi, sənədlərin surətinin təsdiqi zamani tələb olunan sənədlər
Sənədlərin surətini təsdiq edərkən:
- şəxsiyyət vəsiqəsi,
- xidməti vəsiqə,
- tələbə bileti,
- sürücülük vəsiqəsi və s. ehtiyac yarana bilər.
Sənədlərin surətinin və ya onlardan çıxarışların təsdiq olunmasına görə dövlət rüsumu nə qədərdir?
Dövlət rüsumunun məbləği aşağıdakı kimidir:
- 1 manat 50 qəpik dövlət rüsumu, əgər sənəd bir neçə səhifədən ibarətdirsə, ikinci səhifədən başlayaraq hər səhifə üçün 50 qəpik;
- 1 manat 50 qəpik xidmət haqqı, əgər sənəd bir neçə səhifədən ibarətdirsə, ikinci səhifədən başlayaraq hər səhifə üçün 50 qəpik.
Nümunə olaraq bir misala baxaq: Əgər siz 3 səhifəlik bir sənədin surətini təsdiq etdirmək istəyirsinizsə, ilk səhifəyə görə 1 manat 50 qəpik dövlət rüsumu və 1 manat 50 qəpik xidmət haqqı ödəməli olacaqsınız. İkinci və üçüncü səhifələrin hərəsinə görə isə 50 qəpik dövlət rüsumu və eyni məbləğdə xidmət haqqı ödənişi etməlisiniz. Yəni ödəyəcəyiniz yekun məbləğ 5 manat təşkil edəcək.
Nəzərinizə çatdıraq ki, təsdiq olunan sənədin surəti sizə təqdim edilmək üçün lazım deyilsə, notariusda işə əlavə edilmək məqsədilə təsdiq edilmişdirsə, bu zaman şəxsdən heç bir ödəniş tələb oluna bilməz. Məsələn, nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə verilərkən, etibar olunan şəxs kimdirsə, həmin şəxsin sürücülük vəsiqəsi avtomatik olaraq bazadan əldə olunur. Onun surəti çıxarılır notarial qaydada təsdiq edilir, notariusda saxlanılması üçün işə əlavə olunur. Bu zaman etibar edən şəxsdən bu xidmətə görə ödəniş tələb olunmur.