Səhmlərin alqı-satqısı zamanı nələri bilməliyik

Səhmlərin alqı-satqısı zamanı nələri bilməliyik? – Bu sual sizi  maraqlandırır? Elə isə prosesin bütün mərhələlərinə aydınlıq gətirmək üçün prosedur qaydalarını aydın şəkildə oxucularımızın mütaliəsinə təqdim edirik.

Səhmlərin alqı-satqısı, biz nələri bilməliyik

Notasmart.az

Səhm nədir?

Səhm nədir? Alqı-satqı prosesi barədə məlumata keçid almazdan öncə aydınlaşdırmalı olduğumuz ilk məqam budur. Məlumat üçün bildiririk ki, səhm qiymətli kağızların bir növü hesab olunur. Bu qiymətli kağız, səhmdar cəmiyyətin üzvü kimi həmin cəmiyyətin idarə olunmasında iştirak etmək və divident almaq hüququ verir. Səhmlərin alqı-satqısı fond birjası vasitəsilə və ya notarial qaydada həyata keçirilə bilər. Bu yazımızda səhm satışının notarial təsdiqi barədə məlumat verəcəyik. Əlavə suallarınızla bağlı online konsultasiya xidmətimizdən yararlana bilərsiniz.

Səhmlərin alqı-satqısı müqaviləsinin məzmunu necə olmalıdır

  Səhmlərin alqı-satqı müqaviləsinin məzmununda aşağıdakılar öz əksini tapmalıdır:

  • tərəflərin adları və rekvizitləri;
  • qiymətli kağızların növü və dövlət qeydiyyat nömrəsi;
  • qiymətli kağızların sayı;
  • bir qiymətli kağızın nominal dəyəri və alqı-satqı qiyməti;
  • bağlanılan əqd üzrə tərəflərin öhdəlikləri və onların icrası qaydası;
  • mübahisələrin həll olunma qaydası;
  • bağlanılan əqd üzrə tərəflərin hüquq və vəzifələri.

Səhm payın alqı-satqısı üçün hansı sənədlər tələb olunur

  • Şirkətin (Səhmdar Cəmiyyətin) yüklü olub-olmamasına dair arayış (Bu arayışı Dövlət Vergi Xidmətinin saytı vasitəsilə online kargüzarlıq bölməsindən əldə edə bilərsiniz.);
  • Vergi öhdəliyinin olub-olmamasına dair arayış;
  • Şirkətin illik dövriyyəsi barədə arayış;
  • səhmin satıcısı tərəfindən notariusa təqdim edilən qiymətli kağızlara mülkiyyət hüququnun ötürülməsinə dair ərizə;
  • qiymətli kağızlara dair sərəncamvermə (satışı, bağışlanmanı və s. həyata keçirmə) hüququnun yoxlanılması üçün depozitar sistemdən məlumat (Bu məlumatı notariuslar özləri əvvəlki bənddə qeyd olunmuş ərizə əsasında real vaxt rejimində depozitar sistemdən əldə edirlər.).

Qeyd edək ki, notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqavilələri üzrə ödənişlər müqavilə üzrə alıcı tərəfindən notariusun bankdakı depozit hesabı vasitəsi ilə həyata keçirilir.