Mənzilin bağışlanması, mənzillərin bağışlanması zamanı aparılan notariat prosedurlar, mənzili bağışlayarkən qanunvericilik bizdən nə tələb edir
Notasmart.az
Mənzilin bağışlanması, mənzillərin bağışlanması zamanı aparılan notariat prosedurlar, mənzili bağışlayarkən qanunvericilik bizdən nə tələb edir? Məlumdur ki, ev bağışlama prosesi diqqət tələb edən, məsuliyyətli işlərdən biridir. Notarial təsdiqlənmiş müqavilə ilə bu prosesi asanlaşdırmaq mümkündür. Bu prosedur zamanı dövlət rüsumundan azad olanlar və vergi imtiyazları barədə ətraflı məlumata sahib olmaq istəyirsinizsə, Notasmart.az komandasının hazırladığı məlumatı sona qədər oxumağınızda fayda var.
Bağışlama müqaviləsi nədir?
Əgər mülkiyyətinizdə olan daşınmaz əmlakı başqa birinə əvəzsiz qaydada – qarşılığında heç bir şey almadan vermək istəyirsinizsə, bu zaman bağışlama müqaviləsi bağlamalı və həmin müqaviləni notarial qaydada təsdiq etməlisiniz.
Bağışlama müqaviləsinin bağlanması üçün hədiyyəni verən və hədiyyəni alan tərəf şəxsən notariat ofisinə yaxınlaşmalı, yaxud etibarnamə əsasında öz nümayəndəsini göndərməlidir.
Bağışlama müqaviləsi üçün hansı sənədlər tələb olunur?
Evin (mənzilin) bağışlanması üçün müqaviləni təsdiq edərkən notarius aşağıdakı sənədləri tələb edir:
– tərəflərin şəxsiyyətini təsdiq edən sənəd;
– əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (Bu sənəd 2006-cı ilin iyulun 6-dək əldə edilibsə, “qeydiyyat vəsiqəsi”, digər halda “çıxarış” – “kupça” hesab olunur);
– əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış (Sadə dillə desək, “Forma-1” arayışı. Qeyd edək ki, əgər ev (mənzil) üzərində mülkiyyət hüququnuzu təsdiq edən sənəd qismində çıxarışı (yəni kupçanı) təqdim etmisinizsə, həmin arayışı alqı-satqı zamanı notariusların özü bazadan əldə edir və buna görə 39 manat ödəniş tələb olunur. Əgər notarius həmin sənədi bazadan əldə edə bilmirsə, bu zaman siz “Forma-1” arayışının alınması üçün “Asan Xidmət” mərkəzlərinə müraciət edə bilərsiniz. Bu halda dövlət rüsumunun məbləği 10 manat, xidmət haqqının məbləği isə 20 manat nəzərdə tutulub.);
– mülkiyyətçi nikahdadırsa, onun nikah haqqında şəhadətnaməsi;
– evin (mənzilin) bağışlanmasına dair ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı (Daşınmaz əmlak nikah dövründə əldə olunub, bu razılıq mütləqdir. Çünki Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır, bu səbəbdən nikah dövrü ərzində alınan əmlak bağışlanarkən mütləq tərəflərin hər ikisinin razılığı olmalıdır.);
– əgər ev (mənzil) ümumi birgə mülkiyyətdədirsə, bu zaman digər mülkiyyətçilərin yazılı razılığı (Bəzi hallarda daşınmaz əmlakın mülkiyyətçisi kimi iki və ya daha artıq şəxs qeydiyyata alınır və onların həmin əmlak üzərində payları dəqiq bölgü üzrə müəyyənləşdirilmir. Belə əmlak ümumi birgə mülkiyyət hesab olunur.
Misal olaraq, əgər mülkiyyətinizdə olan daşınmaz əmlakın mülkiyyətçisi kimi sizdən başqa A və B adlı digər 2 şəxs də qeydiyyata alınmışdırsa və paylarınız dəqiq müəyyənləşdirilməmişdirsə, onların yazılı razılığı olmadan həmin mənzilin bağışlanmasını həyata keçirə bilməzsiniz.);
– yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə mənzil-istismar sahələrinin arayışı və yetkinlik yaşına çatmış şəxslərin yazılı razılığı (Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışı siz qeydiyyatda olduğunuz yer üzrə “Asan Xidmət” mərkəzlərindən dərhal və heç bir dövlət rüsumu ödəmədən əldə edə bilərsiniz. Əlavə olaraq, 18 yaşı tamam olmuş qeydiyyatda olan bütün şəxslərin əmlakın bağışlanmasına yazılı razılığı tələb olunur ki, həmin razılıq notarial qaydada təsdiq edilməlidir.);
– icbari sığorta şəhadətnaməsi (“İcbari sığortalar haqqında” Qanunun tələbinə görə, fiziki və hüquqi şəxslərə məxsus daşınmaz əmlak icbari sığorta olunmalıdır. Hələ tikintisi başa çatmayan daşınmaz əmlak isə icbari sığortaya cəlb olunmur.
Odur ki, əgər bağışladığınız ev (mənzil) tikintisi başa çatmış daşınmaz əmlakdırsa, siz onu icbari sığorta etdirdiyiniz barədə şəhadətnaməni də notariusa təqdim etməlisiniz. İcbari sığorta üçün müvafiq “Asan Xidmət” mərkəzlərinə müraciət edə bilərsiniz. Bu zaman icbari sığorta haqqı Bakı şəhərində yerləşən əmlakın icbari sığortası üzrə 50 manat; Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üzrə 40 manat; digər yaşayış məntəqələri üzrə 30 manat təşkil edir.)
– tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi. (Əgər müqavilə əsasında evinizi (mənzilinizi) ərinizə (arvadınıza), uşaqlarınıza, valideynlərinizə, babanıza, nənənizə, nəvənizə, qardaşınıza və ya bacınıza bağışlayırsınızsa, bu halda sənəd qismində qohumluq münasibətinizi təsdiq edən sənədləri (yəni doğum haqqında şəhadətnamə, yaxud nikah haqqında şəhadətnamə və s. kimi sənədləri), qohumluq faktı məhkəmə qaydasında təsdiq edilibə, müvafiq məhkəmə qərarını təqdim etməlisiniz.)
Evi (mənzili) bağışlamaq üçün müqaviləni təsdiq edərkən ödəniləcək dövlət rüsumu, xidmət haqqı nə qədərdir?
Ödənilməli olan dövlət rüsumu və xidmət haqqı ilə bağlı məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu, həmçinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinə cavab verməlidir. Məsələ ilə bağlı qanunvericiliyin göstərişləri aşağıdakı kimidir:
– Əgər öz evinizi müqavilə əsasında ərinizə (arvadınıza), uşaqlarınıza, valideynlərinizə, babanıza, nənənizə, nəvənizə, qardaşınıza və ya bacınıza bağışlayırsınızsa, bu zaman ödəməli olduğunuz dövlət rüsumu – 25 manat, xidmətə görə tutulan haqq isə – 3 manat 75 qəpik təşkil edir.
– Əgər əmlakınızı yuxarıda göstərilən şəxslərə deyil, digər şəxslərə bağışlayırsınızsa, bu zaman daşınmaz əmlakın yerləşdiyi yerdən asılı olaraq rüsumun məbləği fərqlilik göstərir. Belə ki:
1. Bakı şəhəri üzrə dövlət rüsumu – 280 manat, xidmətə görə tutulan haqq – 42 manat;
2.Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə dövlət rüsumu – 196 manat, xidmətə görə tutulan haqq – 29 manat 40 qəpik;
3.Digər şəhər və rayonlarda dövlət rüsumu – 140 manat, xidmətə görə tutulan haqq – 21 manat olaraq hesablanır.
Ev (mənzil) bağışlayan zaman kimlər dövlət rüsumundan azaddır?
Aşağıdakı şəxslər evin (mənzilin) bağışlanması ilə bağlı dövlət rüsumunun ödənilməsindən azad hesab olunur:
-“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar
(Bu kateqoriyaya aiddir: – hər iki valideynini itirmiş 18 yaşınadək olan şəxslər; hər iki valideyni məlum olmayan şəxslər; hər iki valideyni valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər; hər iki valideyni xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən şəxslər; hər iki valideyni cəzaçəkmə müəssisələrində cəzasını çəkən şəxslər; hər iki valideyni uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən şəxslər; hər iki valideyni uşaqlarını uşaqlar üçün nəzərdə tutulan sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər; bir valideyni vəfat etmiş və o biri valideyni II dərəcə əlil olan 18 yaşınadək şəxslər.);
-“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslər (Əgər şəxs ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxsdirsə, valideynlərini itirib, yaxud valideyn himayəsindən məhrum olubsa, bu kateqoriyaya aid edilir.)
Əgər yuxarıda göstərilən kateqoriyalardan hər hansı birinə aid olan şəxssinizsə, dövlət rüsumundan azad olduğunuz kimi, notariusun göstərdiyi xidmətlərə görə nəzərdə tutulan haqdan da azadsınız.
Çünki dövlət rüsumunun ödənilməsindən azadolmalar nəzərdə tutulduğu halda, notariat hərəkətləri ilə bağlı göstərilən xidmətə görə də haqq tutulmur. (“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat, 10-cu hissə, 7-ci abzas)
Evin (mənzilin) bağışlanması üçün vergi tələbləri necədir?
Siz mülkiyyətinizdə olan hər hansı daşınmaz əmlakı (yaşayış və qeyri-yaşayış sahələrini, yaxud torpaq sahəsini) bağışlayırsınızsa, sadələşdirilmiş vergi ödəyicisi hesab olunursunuz.
(Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 218.4.3. və 218.4.5-ci maddələri) Qeyd edək ki, həmin vergi yerləşdiyi zonaya və əmlakın sahəsinə uyğun olaraq hesablanır (Vergilər Məcəlləsinin 220.8 və 220.8.1-ci maddələri). Lakin nəzərə alın ki, mülkiyyətinizdə olan yaşayış sahəsinin 30 kvadrat metrədək olan hissəsi də vergidən azaddır. Həmçinin əgər siz bağışladığınız evdə (mənzildə) 3 təqvim ili ərzində qeydiyyatda olmusunuzsa, bu zaman həmin vergini ödəməkdən azad edilirsiniz.
Verginin məbləği hesablanarkən, hər kvadrat metr üçün 15 manat, əmlakın yerləşdiyi zonaya uyğun olaraq isə 1 manat 20 qəpikdən 4 manatadək əmsal nəzərdə tutulur. Evinizi (mənzilinizi) bağışlayarkən Sizdən nə qədər vergi tutulacağını bu link vasitəsilə hesablaya bilərsiniz – https://www.e-taxes.gov.az/calc/calcSaheSatis.jsp )