Etibarnamələrin notarial qaydada təsdiqi

Etibarnamələrin notarial qaydada təsdiqi prosesində ən çox qarşılaşılan problemlər. Bu problemləri sürətli şəkildə necə həll etmək olar. Qeyd olunan sualların cavabı sizə də maraqlıdırsa, məqaləni sona qədər oxumağınız tövsiyə olunandır.

Əvvəlki yazılarımızdan məlum olduğu kimi, notariuslar tərəfindən verilən etibarnamələr avtomobillə bağlı etibarnamələr və sair etibarnamələr olmaqla 2 qrupa ayrılır. Avtomobillə bağlı etibarnamələrin verilmə qaydası, dövlət rüsumu, etibarnamənin müddəti və s. barədə ətraflı məlumatlar ötən yazılarımızda qeyd olunub. Bu dəfə isə sair etibarnamələrdən bəhs edəcəyik.

Sair etibarnamələr dedikdə nə başa düşülür?

Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Tutaq ki, siz dövlət tərəfindən müəyyən xəstəliklərlə bağlı pulsuz verilən dərman vasitələrini  əldə etmək üçün özünüz müraciət edə bilmirsiniz, yaxud adınıza gələn poçt göndərişini poçta yaxınlaşıb götürə bilmirsiniz. Bu zaman nə etməlisiniz? Əlbəttə, vəziyyətdən çıxış yolu etibarnamənin verilməsidir. Yəni şəxs özü müəyyən işləri icra edə bilmirsə, bu hərəkətləri etməyi etibarnamə əsasında başqa şəxsə həvalə edə bilər. Bu zaman notariat qaydasında təsdiq olunan etibarnamələr sair etibarnamələr hesab olunur.

Hər növ işin görülməsi ilə bağlı etibarnamə vermək olarmı?

Şəxsin birbaşa iştirakının tələb olunduğu hallarla bağlı etibarnamə vermək mümkün deyil. Məsələn, şəxsin adından nikah bağlamaq, vəsiyyət etmək kimi məsələlərlə əlaqədar etibarnamələrin verilməsinə yol verilmir. Çünki bu zaman həmin hərəkətləri etməli olan şəxsin özünün birbaşa iştirakı zəruridir.

Etibarnamələr necə verilir?

Etibarnamənin verilməsi üçün yalnız etibar edən şəxsin notariat ofisinə yaxınlaşması, kifayətdir. Qarşı tərəfin gəlməyinə ehtiyac yoxdur.

Etibarnamənin verilməsi üçün hansı sənədlər tələb olunur?

Etibarnamənin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:

  • Hər iki tərəfin şəxsiyyət vəsiqəsi;
  • Etibarnamə ilə hüquqlar yaxın qohuma (yəni valideynlərə, ərə və ya arvada, uşaqlara, bacı və ya qardaşa, nənə və ya babaya, nəvəyə) verilirsə, əlavə olaraq onların qohumluq münasibətlərini təsdiq edən sənədlər də (məsələn, doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.)  təqdim olunmalıdır. (Bu sənədlərin surəti notarial qaydada təsdiq olunmalıdır. Surəti təsdiq olunan sənəd bir neçə səhifədən ibarətdirsə, onun birinci səhifəsi üçün  1 manat 50 qəpik, sonrakı hər səhifə üçün isə 50 qəpik dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Bundan əlavə, notariusun göstərdiyi xidmət üçün dövlət rüsumu ilə eyni məbləğdə xidmət haqqı tutulur.)

Sair etibarnamələr hansı müddətə verilir?

Qanunvericiliyin tələbinə görə, belə etibarnamələr istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o verildiyi tarixdən 1 il müddətində qüvvədə olur.

 “Generalnıy” etibarnamə və xüsusi etibarnamələr – Etibarnamə verən zaman diqqət edilməli məqamlar

“Generalnıy” etibarnamə və xüsusi etibarnamələr tez-tez eşidilən sözlərdəndir. Etibarnamə verən zaman məhz bu məqama diqqət etmək lazımdır. Sadə dillə izah etsək, “generalnıy” etibarnamələr etibar edilən şəxsə geniş imkanlar verir. Məsələn, əmlakınız barədə sərəncam vermək hüququnu (əmlakınızı satmağı, bağışlamağı və s.) hər hansı şəxsə etibar etmisinizsə, bu zaman hansı əmlak barəsində sərəncam veriləcəyini konkret göstərməyiniz yaxşı olar. Əks halda, etibar etdiyiniz şəxs bundan sui-istifadə edərək digər əmlaklarınızı da sata və əldə etdiyi pulu mənimsəyə bilər. Etibarnamədə verilən hüquqlar konkret göstərilməyibsə, bütün hüquqlar ümumi olaraq verilibsə, bu, “generalnıy” etibarnamə hesab olunur. Ancaq etibarnamədə hansı işlərin görülməsi konkret göstərilirsə, bu növ etibarnamə xüsusi etibarnamə hesab olunur.

Etibarnamə üçün dövlət rüsumu nə qədərdir?

Etibarnamə üçün dövlət rüsumunun məbləği, etibar edənlə etibar edilən şəxs arasında yaxın qohumluq münasibətinin olub-olmamasından asılı olaraq dəyişir:

1) Etibarnaməni ərinizə (arvadınıza), uşaqlarınıza, valideynlərinizə, babanıza, nənənizə, nəvənizə, qardaşınıza və ya bacınıza verirsinizsə – 10 manat dövlət rüsumu, 2 manat 25 qəpik isə xidmət haqqı ödəməlisiniz.

2) Əgər etibarnaməni digər şəxslərə və ya hüquqi şəxslərə (təşkilatlara, müəssisələrə) verirsinizsə – 15  manat dövlət rüsumu, 2 manat 25 qəpik xidmət haqqı ödəməlisiniz.

Nəzərinizə çatdırırıq ki, etibarnamələri online qaydada “Mobil notariat” tətbiqi vasitəsilə də vermək mümkündür. Lakin bu zaman dövlət rüsumu ilə bağlı yaxın qohumlar üçün nəzərdə tutulan güzəşt mobil tətbiq təkmilləşdirilənədək tətbiq olunmur, çünki sistem avtomatik rejimdə qohumluq münasibətini müəyyən edə bilmir.

Etibarnamə üçün dövlət rüsumundan azad olan şəxslər kimdir?

Aşağıdakı hallarda etibar edən şəxs dövlət rüsumu ödəməməlidir:

  • pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə;
  • sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələr üzrə.