Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə, təsdiq proseduru və şərtlər

Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə

Notasmart.az

Nəqliyyat vasitəsinə sərəncam verilməsi ilə əlaqədar bilməli olduğumuz əsas məqamlar nələrdir. Budəfəki məqalədə nəqliyyat vasitəsinə sərəncam verilməsi üçün etibarnamələrin təsdiq edilməsi prosesi, etibarnamələrin verilmə şərtləri və müddətləri, etibarnamə üçün tələb olunan sənədlər, dövlət rüsumu və.s kimi nəzərə alınmalı məsələləri izah etməyə çalışacağıq.

Notariuslar tərəfindən təsdiq olunan etibarnamələri şərti olaraq aşağıdakı növlərə bölmək olar:

nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamələr;

– nəqliyyət vasitəsinə sərəncam verilməsinə (yəni satılmasına, girov qoyulmasına, icarə verilməsinə və s. kimi hərəkətlərə) dair etibarnamələr;

– sair etibarnamələr.

Bu yazımızda nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamələrin verilmə qaydasından bəhs edəcəyik.

Nəqliyyat vasitəsinə sərəncam verilməsi üçün etibarnamə necə verilir?

Nəqliyyat vasitəsinə sərəncam verilməsi üçün etibarnamələr 1 illik verilə bilər. Yəni siz bu növ etibarnaməni etibar etdiyiniz hər hansı bir şəxsə verirsinizsə, həmin şəxs 1 il müddətində verdiyiniz etibarnamə əsasında avtomobilinizə dair sərəncam vermək (onu satmaq, dəyişdirmək, bağışlamaq və s. kimi etibarnamədə göstərilən hərəkətləri həyata keçirmək) hüququna malik olur. Etibarnaməni təsdiq etmək üçün yalnız maşını etibar edən tərəfin notariusa yaxınlaşması kifayət edir, bu zaman sadəcə qarşı tərəf onda olan lazımi sənədləri əsli ilə birlikdə etibar edənə verməlidir.

Avtomobilə sərəncam verilməsi ilə bağlı etibarnamə üçün hansı sənədlər tələb olunur?

Avtomobilə sərəncam verilməsi ilə bağlı etibarnamə üçün aşağıdakı sənədlər tələb olunur:

  • Hər iki tərəfin şəxsiyyət vəsiqəsi;
  • Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi (texniki pasportu);
  • Avtomobilin icbari sığortası (Əgər icbari sığortaya dair sənəd elektron formadadırsa, bu zaman həmin sənədi notarius özü elektron bazadan əldə edir. Qeyd edək ki, əgər avtomobil icbari sığorta olunmayıbsa, “Asan xidmət” mərkəzlərinə yaxınlamaqla, sığorta xidmətlərindən yararlana bilərsiniz.)
  • Əgər etibarnamə ilə hüquqlar yaxın qohuma (yəni valideynlərə, ərə və ya arvada, uşaqlara, bacı və ya qardaşa, nənə və ya babaya, nəvəyə) verilirsə, əlavə olaraq onların qohumluq münasibətlərini təsdiq edən sənədlər də (məsələn, doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) təqdim olunmalıdır. (Bu sənədlərin surəti notarial qaydada təsdiq olunmalıdır. Sənədin surətini təsdiq edərkən sənəd bir neçə səhifədən ibarətdirsə, onun birinci səhifəsi üçün 1 manat 50 qəpik, sonrakı hər səhifə üçün isə 50 qəpik dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Notariusun bununla bağlı göstərdiyi xidmət üçün dövlət rüsumu ilə eyni məbləğdə xidmət haqqı tutulur.)

Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə hansı müddətə verilir?

Qanunvericiliyin tələbinə görə, belə etibarnamələr yuxarıda qeyd olunduğu kimi yalnız 1 ilədək müddətə verilə bilər. Onun bir ildən artıq müddətə verilməsi mümkün deyil.

Etibarnamə verilərkən hər hansı xüsusi hal nəzərdə tutulubmu?

Nəqliyyat vasitələrinə hüquq müəyyənedici sənəd, yəni texniki pasport, qeydiyyat şəhadətnaməsi və ya vəsiqəsi MDB dövlətlərində və ya digər xarici dövlətlərdə verilibsə və həmin nəqliyyat vasitəsi Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsində müvəqqəti qeydiyyata alınıbsa, ona sərəncam verilməsinə dair etibarnamə verilə bilməz. Bundan əlavə, barəsində sərəncam verilməsi üçün etibar etdiyiniz maşınınız girov qoyulubsa, həmin nəqliyyat vasitəsi ilə bağlı da sərəncam verilməsinə dair etibarnamə verilə bilməz.

Avtomobilə (maşına) sərəncam verilməsinə dair etibarnamə üçün dövlət rüsumu nə qədərdir?

Avtomobilə (maşına) sərəncam verilməsinə dair etibarnamə üçün dövlət rüsumunun məbləği etibar edənlə edibar edilən şəxs arasında yaxın qohumluq münasibətinin olub-olmamasından asılı olaraq dəyişir. Yəni:

1) Əgər nəqliyyat vasitənizi sərəncam verməsi üçün ərinizə (arvadınıza), uşaqlarınıza, valideynlərinizə, babanıza, nənənizə, nəvənizə, qardaşınıza və ya bacınıza etibar edirsinizsə – 15 manat dövlət rüsumu, 2 manat 25 qəpik isə xidmət haqqı ödəməlisiniz.

2) Əgər nəqliyyat vasitənizi sərəncam verməsi üçün digər şəxslərə etibar edirsinizsə –   30 manat dövlət rüsumu, 4 manat 50 qəpik xidmət haqqı ödəməlisiniz.