Avtomobil alqı-satqısı necə aparılır, bu proseslə bağlı qanunvericilik bizdən nə tələb edir

Avtomobil alqı-satqısı necə aparılır

Avtomobil alqı-satqısı necə aparılır

Avtomobil alqı-satqısı necə aparılır, bu proseslə bağlı qanunvericilik bizdən nə tələb edir?  Unutmaq olmaz ki, avtomobilin özgəninkiləşdirilməsinə, yəni alqı-satqısına, bağışlanmasına, dəyişdirilməsi ilə bağlı qanunvericiliyi ilk tələblərindən biri bu prosesə dair müqavilələrin notarial qaydada təsdiq olunmasıdır. Odur ki, həmin xidmətlə bağlı notariusların göstərdiyi fəaliyyət proseduruna aydınlıq gətirək.

Avtomobil alqı-satqı müqaviləsi necə təsdiq olunur

Müqavilənin bağlanması üçün hər iki tərəf şəxsən notariat ofisinə yaxınlaşır, yaxud etibarnamə ilə öz nümayəndəsini göndərir.

Avtomobil alqı-satqı zamanı hansı sənədlər tələb olunur

Tələb olunan sənədlər aşağıdakılardır:

  • Nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi, yəni texniki pasport – “texpasport”;
  • Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsini təsdiq edən sənəd: Əgər nəqliyyat vasitəsini texniki baxışdan keçirmisinizsə və buna dair qüvvəsini itirməyən sənədiniz varsa, onun təkrar texniki baxışdan keçirilməsi ilə bağlı sənəd tələb oluna bilməz. Ümumiyyətlə, avtonəqliyyat vasitələrinin növündən və s. asılı olaraq onun texniki baxışdan keçirilməsi “Yol hərəkəti haqqında” Qanunun 30.6-cı maddəsi ilə tənzimlənir.

Əgər həmin maddədə göstərilən müddətlər keçməyibsə və siz nəqliyyat vasitəsini vaxtilə texniki baxışdan keçirmisinizsə, onun təkrar müayinəsinə ehtiyac yoxdur. Texniki baxış həmin qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və müayinədən keçirmə ilə bağlı dövlət rüsumunun məbləği 30 manatdır;

  • Mülkiyyətçi nikahdadırsa, onun nikah haqqında şəhadətnaməsi;
  • Qanunvericiliklə nəzərdə tutulan hallarda, ərin (arvadın) notarial qaydada təsdiq olunmuş razılığı: Əgər maşını nikah dövründə əldə etmisinizsə, bu zaman həmin əmlak ərinizlə (arvadınızla) ümumi mülkiyyətiniz sayılır. Odur ki, bu halda qarşı tərəfin razılığı mütləqdir.

Lakin nikahda olduğunuz şəxslə nikah müqaviləsi bağlamış və həmin müqavilədə nikah dövrünüzdə əldə edəcəyiniz ümumi birgə mülkiyyətin satılması, bağışlanılması və s. üçün bir-birinizin razılığının tələb olunmamasını nəzərdə tutmusunuzsa, bu zaman belə yazılı razılıq tələb olunmur. Digər tərəfdən, əmlakı nikaha daxil olmazdan əvvəl, habelə nikah müddətində hədiyyə şəklində və ya vərəsəlik qaydasında əldə etmisinizsə, bu əmlak ümumi birgə mülkiyyət sayılmır və qarşı tərəfin yazılı razılığı tələb olunmur;

  • Avtomobilin yüklülüyünə dair arayış: Bu arayış avtomobilin üzərində digər şəxslərin hər hansı hüququnun olub-olmadığına aydınlıq gətirir. Məsələn, əgər maşınınız girov qoyulubsa, o, yüklü hesab olunur. Qeyd edək ki, həmin arayışı notarius elektron bazadan avtomatik qaydada əldə edir;
  • Nəqliyyat vasitənizi yaxın qohumlarınıza (yəni ərə/arvada, valideynlərə, nənəyə, babaya, bacıya, qardaşa, uşaqlara, nəvəyə) bağışlayırsınızsa, qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münaisbətlərinin təsdiqini əks etdirən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.

 

Avtomobilin alqı-satqısı üçün dövlət rüsumu nə qədərdir

  • Müqavilə üzrə nəqliyyat vasitəsi ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə – 35 manat dövlət rüsumu, 5 manat 25 qəpik xidmət haqqı;
  • Müqavilə üzrə nəqliyyat vasitəsi digər şəxslərə keçirsə – 70 manat dövlət rüsumu, 10 manat 50 qəpik xidmət haqqı ödəyəcəksiniz.

Unutmayın ki, avtomobil rəsmi dövlət reyestrində qeydiyyata alınmalı olan daşınar əmlak növüdür. Qanunvericiliyin tələbinə görə, belə əmlak barəsində bağlanan müqavilələr notariat qaydasında təsdiq edilən zaman, müqavilə üzrə ödənilməli olan pul vəsaiti notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Qeyd edək ki, köçürmələr zamanı bankın göstərdiyi xidmətlərə görə notariusun əməkdaşlıq etdiyi bankdan asılı olaraq 0,2-0,5 % məbləğində komissiya haqqı tutulur. Ödənişi həyata keçirərkən bunu nəzərə almaq lazımdır.