Vəsiyyətnamələrin notarial təsdiqi

Vəsiyyətnamələrin notarial təsdiqi, tərtib olunması

Notasmart.az

Vəsiyyətnamələrin notarial təsdiqi, tərtib olunması, notarial təsdiqinin necə aparılması barədə məlumat. Notasmart.az, bu mürəkkəb prosesi sadə və anlaşıqlı şəkildə izah etməyi öz üzərinə götürür.

Bu məsələ ilə bağlı qanunvericilikdə “ev vəsiyyətnaməsi” adlandırılan anlayışa yer verilir. Belə ki, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. (Mülki Məcəllə, 1186-cı maddə) Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı həmin vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa verə bilər. Bundan əlavə, vəsiyyətnamənin digər tərtib olunma forması da mövcuddur. Nümunə ilə izah etsək, fərz edək ki, siz vəsiyyət edən şəxssiniz. Bu zaman vəsiyyətnamənin yazılıb təsdiq olunması üçün qeydiyyatda olduğunuz ərazi üzrə və ya hər hansı notariat ofisinə yaxınlaşmalı, vəsiyyətnamənin məzmununu öz sözlərinizlə deməli, notarius isə həmin vəsiyyətnaməni sizin və iki nəfər şahidin iştirakı ilə yazıb təsdiq etməlidir.

Vəsiyyət edənin fiziki məhdudiyyətləri olduğu halda isə vəsiyyətnamə aşağıdakı formada tərtib olunur:

  • vəsiyyət edən danışa və eşidə bilmirsə (nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə) və ya bu şəxs həm də vəsiyyətnaməni özü yazacaq savada sahib deyilsə, vəsiyyətnamə notariusda tərtib olunmalıdır. Bu zaman iki şahid və əlavə olaraq bir nəfər də iştirak edir (həmin şəxs işin məğzini vəsiyyət edənə izah edir və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyir).
  • vəsiyyət edənin görmə qabiliyyəti tam məhduddursavə ya vəsiyyətnaməni özü yazacaq savada sahib deyilsə – vəsiyyətnamə notariusda üç şahidin yanında tərtib olunmalıdır.
  • vəsiyyət edən nə görür, nə eşidir, nə danışa bilirsə, (nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud olan şəxsdirsə) və ya bu şəxs həm də vəsiyyətnaməni özü yazacaq savada sahib deyilsə, vəsiyyətnamə dörd şahidin və əlavə olaraq bir nəfər şəxsin iştirakı ilə notariusda tərtib olunmalıdır (həmin şəxs işin məğzini vəsiyyət edənə izah edir və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyir).

Vəsiyyətnaməni birgə tərtib etmək mümkündürmü

  • Yadda saxlamaq lazımdır ki, vəsiyyətnamənin bir şəxs tərəfindən yazılıb təsdiq edilməsinə yol verilir. Məsələn, əgər siz və bacınız eyni bir şəxsə öz əmlaklarınızı vəsiyyət etmək istəyirsinizsə, notariusa yaxınlaşdıqda bunun üçün hərəniz ayrı vəsiyyətnamə tərtib etməlisiniz. Başqa sözlə, vəsiyyətnamənin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər.

Vəsiyyətnamə notarial qaydada təsdiq edilərkən hansı sənədlər təqdim olunmalıdır

  • Vəsiyyət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  • Əgər mənzil sahəsi vəsiyyət olunursa, o zaman notarius bu mənzildə qeydiyyatda olan ailə üzvləri haqqında məlumatı müvafiq informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin yazılı razılığını tələb edir.

Vəsiyyətnamələrin təsdiqi üçün dövlət rüsumu nə qədərdir

  • Vəsiyyətnamələrin təsdiqi üçün ödəniləcək dövlət rüsumunun məbləği 15 manat, notarius tərəfindən göstərilən xidmətə görə isə 2 manat 25 qəpik olmaqla ümumi ödəniləcək məbləğ cəmi 17 manat 25 qəpikdir.

Etibarnamələr haqqında tam izahlı məlumatla bu səhifədə tanış ola ilərsiniz.