Avtomobil etibarnaməsi, nəqliyyat vasitələrinin idarə olunması üçün etibarnamələr: Notariat prosedurları və tələblər

Avtomobil etibarnaməsi, nəqliyyat vasitələrinin idarə olunması üçün etibarnamələr. Notariat prosedurları və tələblər barədə olan bu yazımızı oxucularımıza təqdim edirik.

Avtomobil etibarnaməsi

Notasmart.az

Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə necə verilir?

Sadə dillə desək, bu növ etibarnamə maşını sürmək üçün başqasına verilən etibarnamədir. Əgər şəxs mülkiyyətində olan nəqliyyat vasitəsindən istifadə olunması hüququnu başqa şəxsə etibarnamə əsasında vermək istəyirsə, bu zaman etibar edən şəxsin özü notariat ofisinə yaxınlaşmalıdır. Tutaq ki, siz öz avtomobilinizi A adlı şəxsin istifadəsinə vermək üçün etibarnamə əldə etmək istəyirsiniz. Bu zaman A adlı şəxsin özünün iştirakı vacib deyil, müvafiq sənədlərini əsli ilə bir yerdə sizə təqdim etməsi kifayətdir.

Maşın sürmək üçün etibarnamə verən zaman hansı sənədlər tələb olunur

Lazım olan sənədlər aşağıdakılardır:

  • Hər iki tərəfin şəxsiyyət vəsiqəsi;
  • Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi (texniki pasportu – “texpasport”);
  • Avtomobilin icbari sığortası (Əgər icbari sığortaya dair sənəd elektron formadadırsa, bu zaman həmin sənədi notarius özü elektron bazadan əldə edir. Qeyd edək ki, əgər avtomobil icbari sığorta olunmayıbsa, “Asan xidmət” mərkəzlərinə yaxınlaşmaqla, sığorta xidmətlərindən yararlana bilərsiniz.)
  • Əgər etibarnamə ilə istifadə hüququ yaxın qohuma (yəni valideynlərə, ərə və ya arvada, uşaqlara, bacı və ya qardaşa, nənə və ya babaya, nəvəyə) verilirsə, əlavə olaraq onların qohumluq münasibətlərini təsdiq edən sənədlər də (məsələn, doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.)  təqdim olunmalıdır. Bu sənədlərin surəti notarial qaydada təsdiq olunmalıdır.

Notarial qaydada təsdiq üçün ödənilən məbləğ nə qədər olacaq?

  • Surəti təsdiq edilən sənəd bir neçə səhifədən ibarətdirsə, onun birinci səhifəsi üçün 1 manat 50 qəpik, sonrakı hər səhifə üçün isə 50 qəpik dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Bundan əlavə, notariusun göstərdiyi xidmət üçün dövlət rüsumu ilə eyni məbləğdə xidmət haqqı tutulur.
  • Etibar edilən şəxsin sürücülük vəsiqəsi: Bu sənəd notarius tərəfindən elektron bazadan əldə olunur və surəti təsdiq edilir. Bununla bağlı hər hansı dövlət rüsumu və ya xidmət haqqı tutulmur.

Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə hansı müddətə verilir?

Əgər siz öz nəqliyyat vasitənizi istifadə etməsi üçün başqa şəxsə etibar edirsinizsə, nəzərə almaq lazımdır ki, bu zaman etibarnamənin müddəti  qarşı tərəfin sürücülük vəsiqəsinin qüvvədə olma müddətindən çox ola bilməz.

Avtomobil etibarnaməsi, nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə verilərkən hər hansı xüsusi hal nəzərdə tutulurmu

Əgər nəqliyyat vasitələrinə hüquq müəyyənedici sənəd, yəni texniki pasport, qeydiyyat şəhadətnaməsi və ya vəsiqəsi MDB dövlətlərində və ya digər xarici dövlətlərdə verilibsə, bu zaman hər hansı şəxsə həmin nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnaməni o halda verə bilərsiniz ki, həmin nəqliyyat vasitəsi Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsində müvəqqəti qeydiyyata götürülsün.

Avtomobil etibarnaməsi verilməsinə görə dövlət rüsumu

Avtomobil etibarnaməsi verilməsinə görə dövlət rüsumunun məbləği tərəflər arasında yaxın qohumluq münasibətinin olub-olmamasından asılı olaraq dəyişir. Yəni:

1) Əgər nəqliyyat vasitənizi istifadə etməsi üçün ərinizə (arvadınıza), uşaqlarınıza, valideynlərinizə, babanıza, nənənizə, nəvənizə, qardaşınıza və ya bacınıza etibar edirsinizsə – 10 manat dövlət rüsumu, 1 manat 50 qəpik isə xidmət haqqı ödəməlisiniz.

2) Əgər nəqliyyat vasitənizi istifadə etməsi üçün digər şəxslərə etibar edirsinizsə –    15 manat dövlət rüsumu, 2 manat 25 qəpik xidmət haqqı ödəməlisiniz.