Borc müqaviləsi, bağlanma proseduru

Notasmart.az
Borc müqaviləsi, bağlanma proseduru – praktikada rast gəlinən ən populyar sualın cavabını, eləcə də proseslə bağlı bir sıra zəruri informasiyaları bu yazımızda tapa bilərsiniz.
Borc müqaviləsi nədir
Borc müqaviləsində bir tərəf (yəni borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (yəni borcalana) verməyi öhdəsinə götürür. Borcalan isə aldıqlarını eyni məbləğ, keyfiyyət və ya miqdarda borcverənə qaytarmağı öhdəsinə götürür.
Borc müqaviləsinin formasına tələblər varmı?
Borc müqaviləsi yazılı və şifahi formada bağlana bilər. Ancaq qanunvericiliyin tələbinə görə aşağıda göstərilən iki halda müqavilə mütləq yazılı bağlanmalıdır:
– Müqavilə üzrə borc verilən pul 3000 manatdan çoxdursa;
– Borc verilən məbləğdən asılı olmayaraq, borcalan və ya borcverən hüquqi şəxsdirsə (yəni şirkət, müəssisədirsə).
Borc müqaviləsi üçün hansı sənədlər tələb olunur?
Borc müqaviləsini bağlayarkən notarius aşağıdakı sənədləri tələb edir:
– tərəflərin şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənəd (məsələn, tərəflərdən biri xarici vətəndaşdırsa, daimi və ya müvəqqəti yaşama icazə vəsiqəsi);
– tərəflər qohumluq münasibətindədirsə, bunu təsdiq edən müvafiq sənədlər;
– dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Borc müqaviləsinə görə dövlət rüsumu və xidmət haqqı nə qədərdir?
Məsələ ilə bağlı qanunvericiliyin göstərişləri aşağıdakı kimidir:
– Əgər borc müqaviləsini yaxın qohumlarınızdan (yəni ər/arvad, uşaqlar, valideynlər, baba, nənə, bacı, qardaş, nəvədən) biri ilə bağlayırsınızsa, bu halda 15 manat dövlət rüsumu, 2 manat 25 qəpik xidmət haqqı ödəməlisiniz.
– Əgər borc müqaviləsini digər şəxslərlə bağlayırsınızsa, bu halda 100 manat dövlət rüsumu, 15 manat xidmət haqqı ödəməlisiniz.
Qeyd edək ki, dövlət rüsumu ödənilərkən notariusun əməkdaşlıq etdiyi bankdan asılı olaraq, bankın özü 0.2-0.5% həddində xidmət haqqı tutur.
Nəzərə alın ki…
Borc müqaviləsi bağlanarkən nəzərə alın ki, borc verdiyiniz məbləğ notariusun bankda açdığı depozit hesabına yerləşdirilir və müqavilə təsdiqləndikdən – yəni hər iki tərəf onu imzaladıqdan sonra borcalan tərəfindən həmin hesabdan götürülür. Bu zaman notariusun əməkdaşlıq etdiyi bankdan asılı olaraq, ümumi borc məbləğinin 0.2 – 0.5 %-i həddində xidmət haqqı tutulur. Odur ki, borc məbləğini depozit hesabına qoyarkən bu faktoru nəzərə almağınız tövsiyə olunur.